Sizin reklam Burada
İşgüzar

Azərbaycanla İran arasında “yol xəritəsi” hazırlanacaq

1st Image

  Bu gün SOCAR prezidenti Rövnəq Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyəti İranda səfərdə olub.

SOCAR-dan verilən məlumata görə, səfər çərçivəsində nümayəndə heyəti İran Milli Neft Şirkətinin prezidenti Roknəddin Cavadi ilə görüş keçirib. Görüş zamanı tərəflər qarşılıqlı maraq doğuran sahələr üzrə əməkdaşlıq imkanlarını müzakirə ediblər. İran üzərindən beynəlxalq sanksiyaların aradan qaldırılmasından sonra müxtəlif sahələrdə, o cümlədən enerji sahəsində əməkdaşlığın geniş potensiala malik olduğu vurğulanıb, bunun ikitərəfli iqtisadi münasibətlərə güclü təkan verə biləcəyi qeyd olunub.


SOCAR-ın İranda həyata keçirilən həm onşor, həm də ofşor enerji layihələrində maraqlı olduğu bildirilib, bu əməkdaşlığın həm yerli, həm də beynəlxalq enerji şirkətləri ilə birlikdə həyata keçirilməsi perspektivlərinə baxılıb. Görüşdə gələcək əməkdaşlığın “yol xəritəsi"nin hazırlanmasının məqsədəuyğunluğundan söz açılıb. İran tərəfi SOCAR-ın təkliflərinə çox ciddi və maraqla yanaşdıqlarını bildirib.

Əməkdaşlığın neft hasilatı, neft və neft məhsullarının ticarəti, birgə elmi tədqiqatlar və digər sahələri əhatə edə biləcəyi vurğulanıb. R. Abdullayev İran Milli Neft Şirkətinin prezidenti R. Cavadini Bakıya səfərə dəvət edib.