Sizin reklam Burada
İdman

AFFA 3 futbolçunu 1 il yarışlardan kənarlaşdırdı

1st Image

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.    

Trend Peşəkar Futbol Liqasına (PFL) saytına istinadən məlumat verir ki, iclasda Premyer Liqanın 26-cı turunun oyunları ilə bağlı bir sıra qərarlar qəbul olunub.

Premyer Liqanın XXVI turunun “Neftçi” – “Kəpəz” matçında “Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

I Divizionun XVIII turunun “Neftçala” – “Turan Tovuz” matçının 89-cu dəqiqəsində "Neftçala" klubunun əvəz olunmuş 10 №-li futbolçu Aqşin Həşimov meydana daxil olaraq “Turan Tovuz” klubunun 20 №-li futbolçusu Səbayıl Bağırova hücum çəkib, ona zərbələr endirib və hər iki klubunun futbolçuları arasında dava-dalaşa səbəb olub. Bu səbəbdən 7 dəqiqə fasilə yaransa da, görüş sona qədər oynanılıb. İntizam Komitəsi oyunun videoyazısını izləyib və aşağıdakı qərarları qəbul edib:

- Hər iki klubun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klublar 100 manat məbləğində cərimə olunur;
- "Neftçala" klubunun 10 №-li futbolçusu Aqşin Həşimov rəqibə qarşı sərt davranışa və baş vermiş hadisənin əsas səbəbkarı olmasına görə 12 aylıq yarışlardan kənarlaşdırılır, klub 1500 manat cərimə olunur;
- Baş vermiş davada aktiv iştirak etdiyinə görə "Turan Tovuz " klubunun 4 №-li futbolçu Afin Bağırov və "Neftçala" klubunun 99 №-li futbolçu Cəmil Rəhimli 5 oyunluq cəzalanır və hər iki klub 300 manat cərimə olunur.

I Divizionun XVIII turunun “Şahdağ” – “Ağsu” matçının 83-cü dəqiqəsində hakim "Ağsu" klubunun qapısına 11 metrlik cərimə zərbəsi təyin edir və klubun 4 №-li futbolçusu Ruslan Həsənovu sonuncu ümid fouluna görə meydandan kənarlaşdırır. Hakim cəzalanan futbolçu meydanı tərk etməmiş rəqib komandaya 11 metrlik cərimə zərbəsini vurmağa icazə verir və rəqib qol vurur. Bundan sonra "Ağsu" klubunun inzibatçısı Ənvər Hacıyev tribunadan meydana daxil olaraq hakimə etirazını bildirir, hakim isə öz növbəsində, 11 metrlik cərimə zərbəsinin təkrar vurulması qərarını qəbul edir. "Şahdağ" klubunun futbolçusu ikinci cəhddə topu qapıdan keçirə bilmir və "Ağsu" klubunun 8 №-li futbolçusu Bəhram Bəhramzadə əllərini havaya qaldıraraq sevinir (hərəkətdə heç bir qeyri-etik jest yoxdur). "Şahdağ" klubunun 6 №-li futbolçusu Şıxqayıb Şıxqayıbov "Ağsu" klubunun 8 №-li futbolçusuna hücum çəkib və bu hərəkəti ilə azarkeşlərin meydana daxil olmasına və oyunda fasilə yaranmasına səbəb olub. Matç sona kimi oynanılıb. İntizam Komitəsi oyunun videoyazısını izləyib və aşağıdakı qərarları qəbul edib:

- "Şahdağ" klubun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat məbləğində cərimə olunur;
- Oyunun 83-cü dəqiqəsində "Ağsu" klubunun 4 №-li futbolçusu Ruslan Həsənov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur;
- Oyunun 87-ci dəqiqəsində "Ağsu" klubunun 8 №-li futbolçusu Bəhram Bəhramzadəyə qeyri-etik jestə görə göstərilən qırmızı vərəqə ləğv edilir;
- "Şahdağ" klubunun 6 №-li futbolçusu Şıxqayıb rəqibə qarşı sərt davranışa və baş vermiş hadisənin əsas səbəbkarı olmasına görə 12 aylıq yarışlardan kənarlaşdırılır, klub 1500 manat cərimə olunur;
- "Ağsu" klubunun inzibatçısı Ənvər Hacıyev (oyunun hakimi səhvən protokolda texniki zonada əyləşən klubun digər inzibatçısı Aqil Sarıyevin adını yazıb) baş vermiş hadisənin əsas səbəbkarlarından biri olmasına görə 12 aylıq yarışlardan kənarlaşdırılır, klub 1500 manat cərimə olunur;
- Oyun zamanı təhlükəsizlik tam təmin olunmadığına görə meydan sahibi klub 500 manat cərimə olunur;
- PFL baş vermiş hadisə ilə bağlı oyunda təhlükəsizliyə birbaşa cavabdeh olan dövlət qurumuna təhlükəsizlik tədbirlərinin daha yüksək səviyyədə həyata keçirilməsi ilə bağlı müraciət etsin;
- Hakimlərin idarəçiliyinə Hakimlər Komitəsi baxsın və İntizam Komitəsinə məlumat versin.

I Divizionun XVIII turunun “Mil-Muğan” – “Şəmkir” matçı başa çatdıqdan sonra "Mil-Muğan" klubunun 9 №-li futbolçusu Elxan Məmmədov "Şəmkir" klubunun texniki zonasına yaxınlaşaraq "Şəmkir" klubunun 10 №-li futbolçusu Qeyrət Qənbərova hücum çəkib, ona xəsarət yetirib, azarkeşlərin meydana daxil olmasına və hər iki klub arasında qarşıdurmaya səbəb olub. Baş vermiş insident qısa zamanda aradan qaldırılıb.

İntizam Komitəsi baş vermiş hadisəyə uyğun olaraq aşağıdakı qərarları qəbul edir:

- Hər iki klubun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klublar 100 manat məbləğində cərimə olunur;
- Oyunun 88-ci dəqiqəsində "Şəmkir" klubunun 7 №-li futbolçusu Bəhruz Teymurov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur;
- "Mil-Muğan" klubunun 9 №-li futbolçusu Elxan Məmmədov rəqibə qarşı sərt davranışa və baş vermiş hadisənin əsas səbəbkarı olmasına görə 12 aylıq yarışlardan kənarlaşdırılır, klub 1500 manat cərimə olunur;
- Oyun zamanı təhlükəsizlik tam təmin olunmadığına görə meydan sahibi klub 500 manat cərimə olunur;
- PFL baş vermiş hadisə ilə bağlı oyunda təhlükəsizliyə birbaşa cavabdeh olan dövlət qurumuna təhlükəsizlik tədbirlərinin daha yüksək səviyyədə həyata keçirilməsi ilə bağlı müraciət etsin.